“APA Holding”də şair Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, şairin qələm dostları Səhər Əhməd, Qurban Yaquboğlu, Əkbər Qoşalı, Qan Turalı, Həyat Şəmi və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan tənqidçi Əsəd Cahangir Mətləb Ağanın yaradıcılığından danışaraq onun öz nəsildaşları arasında özünəməxsus yer tutduğunu bildirib: “Mən Mətləbin yaradıcılığı ilə çoxdan tanış olsam da, özünü yaxından tanımırdım. Onun şeirlərində forma və məzmun vəhdəti ilk nəzərə çarpan cəhətlərdəndir”.
“APA Holding”-in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, Mətləb Ağanın şeirlərində müasirliklə ənənəviliyin ortaq məxrəcini görmək olar: “Mətləb Ağanın son vaxtlarda Kulis.az-da dərc olunan bütün şeirlərini oxumuşam. Əvvəllər yazdığı şeirləri ilə də kitabda tanış olacam. Müəllifə yaradıcılıq uğurları arzu edirəm”.
Tədbirdə çıxış edən Səhər Əhməd, Namiq Hacıheydərli, Qan Turalı, Qurban Yaquboğlu, Əkbər Qoşalı, Fərqanə Mehdiyeva, Həyat Şəmi və başqaları M. Ağanın yaradıcılığı haqqında fikirlərini bölüşüblər, müəllifin şeirlərini oxuyublar.
Qeyd edək ki, “11-ə qədər” şeirlər kitabı “Qanun” nəşriyyatında 500 tirajla çap olunub. Kitabın redaktoru və ön sözün müəllifi Namiq Hacıheydərlidir.
APA