Fevralın 14-də Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatı olmuşdur.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Təşkilatının təsisçisi, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.
“Məhəbbət ağacı” layihəsi IDEA, “YARAT” Müasir İncəsənət Məkanı və “Baku” jurnalının birgə layihəsidir.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıları salamlamış və layihə haqqında məlumat vermişdir.
Belə bir inanc vardır ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda uğur gətirərək səadət vəd edir. Ənənəyə uyğun olaraq, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar.
Bakının Milli Parkındakı metal konstruksiyalı “Məhəbbət ağacı” onun budaqlarında öz duyğularının möhkəmliyinin sübutunu qoyub getmək istəyən sevən cütlüklərin və sevgililərin daha çox üz tutduqları məkanın - Dənizkənarı Bulvarın daimi bəzəyi olacaqdır.
Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.
AzərTAc