Müasir İncəsənət Muzeyində məşhur rəssamın “Sözlər” adlı fərdi sərgisi açılacaqdır
17.2.2014

Fevralın 21-də Müasir İncəsənət Muzeyində məşhur Azərbaycan rəssamı, insan təxəyyülünü öz ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi instalyasiyaların müəllifi Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılacaqdır.
“YARAT” Müasir İncəsənət Məkanından bildirilmişdir ki, Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirmişdir.
O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil etmişdir. Ötən ilin yazında isə rəssamın “Lost in translation. This too shall pass” (“İtmiş. Bu da keçəcək”) adlı əsəri Venesiya Biennalesində “YARAT” Müasir İncəsənət Məkanının pavilyonunda (genişmiqyaslı “Sev məni, sevmə məni” nümayişi çərçivəsində) nümayiş etdirilmişdir.
Ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilən Bakının “YAY!” qalereyası bir ildən artıqdır ki, Rəşad Ələkbərovun Azərbaycan və onun xaricində maraqlarını təmsil edir.
Rəssamın sənət işləri bundan əvvəl Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilmişdir.
Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyindəki fərdi sərgisi martın 20-dək davam edəcəkdir.

AzərTAc