Azərbaycanın əməkdar müəllimi Tamella Əmirkişiqızının “Arzularım boyda dünyam olaydı.... Sən kimsən?!” adlı yeni kitabı təqdim olunub.
Yeni kitabın təqdimat mərasimi müəllifin işlədiyi Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə təşkil olunub.
“Buzovna şəhidləri”, “Tale yükü”, “Nağılın sonu olmur”, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Tarix qəhrəmansız yaşaya bilməz”, “Dünyamı söz bəzəyir”, “Kəbir Azərinin söz dünyası”, “Tanrı quşuyam, “ Laqeydliyin bəlası, “Həyatın üçüncü üzü varmı”, “Hikmət dünyası”, “Bu dünyanı ürəyində gəzdirir”, “Söz xəzinədir” kitabları ilə oxucuların rəğbətini qazanmış Tamella Əmirkişi qızının növbəti kitabı işıq üzü görüb.
Müəllifin “Arzularım boyda dünyam olaydı....Sən kimsən?!” adlı növbəti şeirlər kitabında müəllifin yeni şeirləri toplanıb.
Təqdimat mərasimində çıxış edənlər Tamilla xanımın söykökünə, milli kimliyinə bağlı olduğunu vurğuladılar.
O da bildirilib ki, onun hər bir misrasında daxili aləmi ilə üz-üzə duran ana qəlbinin titrəyişi var. Onu yaşadan, ona ilham verən içində çəkdiyi, saçında dən-dən olan ağrının böyüklüyü, səbr və dözümün təntənəsidir. Tamilla xanımın şeirləri, könül pıçıltıları kövrək notlar üzərində qurulsa da, sonda oxucuya nikbin ruh bəxş edir.
Tamilla Əmirkişiqızı həmçinin ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili və ədəbiyyatından proqram materilların planlaşdırılması, “İmla və onun aparılması” metodikası, Təlim qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin rus bölməsi üçün Azərbaycan dilində “İmla və ifadə mətnləri” metodik vəsaitlərin də müəllifidir.
O, həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Daxili İşlər Nazilrliyinin Mətbuat Xidmətinin əməkdaşı, tanınmış fotoqraf Üzeyir Muradovun ömür-gün yoldaşıdır.
Gün.Az