Fevralın 22-dən etibarən “ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça), texniki pasportların verilməsi xidmətləri göstəriləcək.
Bu barədə jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.
Komitə sədri qeyd edib ki, həmin işləri “ASAN xidmət” mərkəzlərində Komitənin mütəxəssisləri həyata keçirəcəklər.
Onun sözlərinə görə, həmin xidmətlər paralel olaraq həm mərkəzlərdə, həm də Komitənin struktur bölmələrində həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 11-də Azərbaycan Prezidentinin Fərmanı ilə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısına dəyişiklik edilib.
Fərmana görə, “ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça), texniki pasportların verilməsi xidmətləri də göstəriləcək.
İndiyədək Xidmət, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsini həyata keçirə bilirdi.
Xidmətlər siyahısına edilən bir əlavəyə görə, “Asan Xidmət” fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini, yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılmasını, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulunu da həyata keçirəcək.
Gün.Az