Xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib
20.2.2014

Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti, Prezident təqaüdçüsü, «Şöhrət» ordenli Firəngiz Abbas Mirzə qızı Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat etmişdir.

Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində Azərbaycan teatrının korifeyləri, qüdrətli sənətkarlar - SSRİ xalq artisti Mərziyə Davudovanın və xalq artisti Abbas Mirzə Şərifzadənin ailəsində anadan olmuşdur.
1947-49-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-61-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961-65-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan Firəngiz Şərifova 1965-ci ildən sənət taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlamış və 2011-ci ilə qədər fəaliyyətini doğma teatrda davam etdirmişdir. Müqtədir sənətkar bu illər ərzində teatr səhnəsində müxtəlif xarakterli obrazlar yaratmışdır.

Firəngiz Şərifova 1958-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1969-cu ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2009-cu ildə «Şöhrət» Ordeni ilə təltif edilmişdir. O, Prezident təqaüdçüsü idi.
Firəngiz Şərifova Milli teatr sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının və Naxçıvan MR Ali Sovetinin fəxri fərmanlarına, «Zirvə», «Qızıl Dərviş» və «Humay» mükafatlarına layiq görülmüşdür.

Unudulmaz aktrisa Firəngiz Şərifova milli teatr sənətinin əvəzolunmaz sənətkarlarından biri idi. Mərhumla vida mərasimi fevralın 20-də saat 14.00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasında (Aktyorlar evi, Xaqani küçəsi, 19) keçiriləcəkdir.

Allah rəhmət eləsin!