"Qisas almadan ölmə. Keçmişdən məktublar". Kinorejissor Oktay Mir-Qasımın yeni filmi təqdim edildi - FOTO
20.2.2014

Fevralın 18-də Nizami Kino Mərkəzində tanınmış rejissor, Xalq artisti Oktay Mir-Qasımın "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin təqdimatı keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən film XIX əsrin əvvəllərindən ölkəmizdə məskən salmış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından söhbət açır.

Təqdimatda çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, hər bir yeni film rejissor və yaradıcı heyətin tamaşaçılar qarşısında hesabatıdır. O, yeni ekran əsərinin maraqlı bir tarixə və mühüm mövzuya həsr olunduğunu qeyd etdi. Rejissorun bu mövzuya müraciəti Azərbaycan incəsənət adamlarının təkcə özümüzün deyil, başqa xalqların problemlərinə də çox həssaslıqla yanaşdıqlarını bir daha sübut edir. Bizim incəsənət xadimlərimiz dünyaya inteqrasiyaya hazırdırlar və birgə layihələrimizi bundan sonra da təqdim ediləcək.

Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, filmin hər anında rejissorun alman xalqına məhəbbəti hiss olunur: "Filmin Azərbaycan-alman münasibətlərinə həsr olunması bizi sevindirdi. Çünki tarixin qara səhifələrinə baxmayaraq bizim xalqlar arasında həmişə sıx münasibətlər olub".
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi. Rejissor Oktay Mir-Qasım filmdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. Filmin yaranma tarixi və adı ilə bağlı məlumat verən rejissor qeyd etdi ki, ekran əsərinin süjeti 30 ilə yaxın mənim ürəyimdə, beynimdə yaşayıb. Film "Didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır.

Almanlar Azərbaycana XIX əsrin əvvəllərində köçüblər. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından (Almaniyanın indiki Baden-Vürtemberq əyaləti) gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoyurlar.

Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar. 1941-ci ildə Azərbaycanda yaşayan 20 minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.

Filmdə o hadisələrlə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda - Bakıda, Göygöl rayonunda, Tbilisidə, Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb. Film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir. Ekran əsərində məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları əks olunub.
Filmin ssenari müəllifi Oktay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail).

Filmdə Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcüstanlı aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.