Uşaq və gənclər üçün XXIII Beynəlxalq “Rəng Sənəti” İncəsənət Festivalı keçiriləcək
21.2.2014

Bu ilin fevral-may aylarında uşaq və gənclər üçün XXIII Beynəlxalq “Rəng Sənəti” İncəsənət Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi xəbərə görə, festival Qoleniou Mədəniyyət Evinin təşkilatçılığı və YUNESKO üzrə Polşa Milli Komissiyasının dəstəyi ilə baş tutacaq.

Mövzusu “Nağıl, əfsanə və rəvayətlər ölkəsində” olan festivalın keçirilməsində əsas məqsəd gənclər arasında bütün növ bədii yaradıcılığın təşviq edilməsi, bu sahəyə marağın artırılmasıdır.

Festivalda 6-24 yaş arası uşaq və gənclər üç istiqamət – rəssamlıq, qrafika və foto sənəti üzrə iştirak edə bilərlər. İşlər 15 mart tarixinə qədər təşkilatçılara poçt vasitəsilə göndərilə bilər.

Festivalın qalibləri 28 may - 1 iyun tarixlərində Polşanın Qoleniou şəhərində keçiriləcək mükafatlandırma mərasiminə dəvət ediləcək və pul mükafatlarına layiq görüləcəklər.

Qeyd edək ki, qaliblərin ezamiyyə xərcləri festivalın təşkilatçıları tərəfindən ödəniləcək.

Gün.Az