Bu gün “28 Cinema”da “Mosfilm”in 90 illiyinə həsr olunmuş Rus film həftəsi münasibəti ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “Oskar” mükafatı laureatı, Rusiyanın xalq artisti Vladimir Menşov və başqaları iştirak edib.
V. Menşov Bakıda olmağından məmnun olduğunu bildirib: ““Mosfilm” kinostudiyasını Bakıda təmsil etmək mənim üçün böyük şərəfdir. Mən Bakıda doğulub boya başa çatmışam. İndiki Neftçilər prospektində yaşamışam. Almanların o vaxt hökumət evinin tikdiyi vaxtı xatırlayıram. Bakı mənə çox əzizdir”.
V. Menşov daha sonra Rusiya kino tarixindən də danışıb: “1924-cü ildə yaranmış “Mosfilm” Rusiya kino sənayesinin aparıcı müəssisəsidir. Rusiyanın bütün kino və video məhsulları bura aiddir. Rus filmlərinə bu gün də maraq var. Şərt deyil ki, ildə sayca çox film istehsal olunsun. Üç film istehsalata buraxılsın, amma keyfiyyətli olsun. “Mosfilm”də hazırda istedadlı və savadlı mütəxəssislər çalışır. Mən xüsusi ilə gənclərin rolunu yüksək qiymətləndirirəm. Biz Avropanın ən yaxşı kino studiyası olmaq istədik və olduq”.
O, əlavə edib ki, “Mosfilm”in texniki təchizatı yüksək səviyyədədir: “Kinostudiya ən yaxşı kameralar, ən yaxşı işıq avadanlıqları ilə təchiz olunub”.
Qeyd edək ki, Rus film həftəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirinin təşkilatçılığı ilə keçirilir.
APA