Fevralın 20-də Parisin məşhur “Paula Rosa və Stella art international” qalereyasında təşkil olunan “Teatr və balet: xəyallarımdakı görüntülər” adlı sərgi açılmışdır. Sərgidə Rusiya və Tatarıstan rəssamları ilə yanaşı azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın da əsərləri nümayiş etdirilir.
Sərgidə istedadlı rəssamın yağlı boya ilə ağ kətana köçürdüyü rəsmlərində teatr və balet aktyorları səhnə geyimlərində təsvir olunmuşdur.
Rusiyanın UNESCO yanındakı Daimi Nümayəndəliyinin rəhbəri Elenora Mitrafonova N.Nərimanbəyovanın tablolarından aldığı təəssüratları AzərTAc-la bölüşmüşdür: Sərgidə istedadlı rəssamların gözəl əsərləri nümayiş etdirilir. Nigarın əsərlərinə gəldikdə hiss olunur ki, onun bu sahədə böyük təcrübəsi vardır. Rəsmlərində təsvir etdiyi obrazları olduğu kimi tamaşaçılara çatdırmağa səy göstərməsi Nigarın sənətinə vurğunluğundan irəli gəlir. Onun rəsmlərində təsvir olunan kostyumların rəngləri mükəmməlliyi və aydınlığı ilə biri-birini tamamlayır. Belə bir sərgidə iştirak etməkdən böyük məmnunluq hissi keçirirəm.
Dünyanın müxtəlif ölkələrinin rəssamlarının əsrlərinin sərgisinin təşkili ilə məşğul olan “Stella art international” assosiasiyasının prezidenti Stella Kalinina sərgi haqda danışarkən demişdir ki, sərgi əsasən teatr və balet mövzusuna həsr olunmuşdur. Bugünkü sərgidə müxtəlif rəssamların əsərləri ilə yanaşı tanınmış azərbaycanlı rəssam Nigarın fırçasından çıxan tablolar da nümayiş etdirilir. Mən onun ünvanına tanınmış rəssam sözünü heç də təsadüfü işlətmədim. Ona rəssamlıq sənəti nəslindən keçibdir. Babası və atası Azərbaycanın görkəmli rəssamları olmuş və onlar öz sənətlərinin sirləri ilə Nigarı da yaxından tanış etmişlər. Nigar təcrübəli sənət adamı kimi artıq mövzuları rəssamlıq süzgəcindən keçirərək seçə bilir, fırça və palitra ilə işləməyi mükəmməl bacarır. Mən bu rəssamı ona görə çox sevirəm ki, onun bütün tabloları işıqlı və günəşlidir. Nigar qəlbən duyduğu bu işıqlığı bütünlükdə palitrada göstərir. Bizim tanışlığımız artıq dostluğa çevrilmişdir. Ümidvaram ki, bizim xeyirxah əməkdaşlığımız davam edəcəkdir.
Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, tanınmış rəssamlar, Fransız ictimaiyyətinin nümayəndələri, diaspora təmsilçiləri iştirak etmişlər.
Sərgi martın 16-dək davam edəcəkdir.
AzərTAc