Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələri tərəfindən 8,1 milyon manat həcmində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə toxuculuq sənayesində 22,3 faiz, geyim istehsalında 39,8 faiz artım, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında isə 70,3 faiz azalma müşahidə olunub.
Ümumiyyətlə, yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,8 milyard manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründə olduğundan 4,0 faiz az sənaye məhsulu istehsal ediblər.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 72,7 faizi mədənçıxarma bölməsində, 19,7 faizi emal bölməsində, 7,0 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Sənayenin emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 0,8 faiz, geyim istehsalı 39,8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 22,3 faiz, kimya sənayesi məhsulları istehsalı 26,0 faiz, hazır metal məmulatların istehsalı 14,6 faiz, tikinti materialları istehsalı 7,8 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 44,9 faiz, maşın və avadanlıqların istehsalı 2,0 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə artıb.
Gün.Az