Əməkdar artist Fidan Hacıyeva Heydər Əliyev Sarayında solo konset verəcək.
Akademik Opera və Balet Teatrının solisti olan F.Hacıyeva öz açıqlamasında bildirib ki, konsert aprelin 19-da olacaq. Sənətçini səhnədə 150 nəfərdən ibarət Opera və Balet Teatrının Simfonik Orkestri müşayiət edəcək:
“Bu konsertimdə bir çox yeniliklər, improvizələr olacaq. Opera ilə pop-caz musiqisi sintez ediləcək. Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səsləndiriləcək, ikinci hissədə isə sırf romanslar olacaq. Konsertin baş dirijoru Akademik Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərovdur.
Konsert üçün bir neçə il Amerikada təhsil almış aranjimançı Allahyar Rzayev tərəfindən yeni partituralar yazılır. Konsert boyu hər ifa zamanı arxada quraşdırılmış ekranda yeni çəkdiyimiz video-çarxlar nümayiş olunacaq. Bu solo çıxış üçün bütün dostlarım birləşib və mən hər birinə təşəkkür edirəm”.
F.Hacıyeva klassik musiqinin öz tamaşaçısı olduğunu bildirib. Əlavə edib ki, konsertinin biletləri satılacaq:
“Düşünürəm ki, hər bir musiqi janrının həvəskarları var. Biz heç bir tamaşaçını məcburi şəkildə konsertə gətirə bilmərik. Amma dünyanın istənilən ölkəsində analar övladlarını lap körpə yaşlarından klassik musiqi konsertlərinə aparırlar. Çox təəssüf ki, bizdə buna fərqli yanaşılır. Çox istərdim ki, solo konsertimə gəlsinlər, çünki həqiqətən də həmin gün çox maraqlı olacaq. Həmin gün bu illər ərzində qazandığım təcrübəni nümayiş etdirmək arzusundayam”.
Artıq satışda olan konsertin biletləri 15-80 manat arasında dəyişir.
Gün.Az