“Bizim teatr” festivalı keçiriləcəkdir
24.2.2014

Bakı Uşaq Teatrı “Bir teatr - bir festival” layihəsi çərçivəsində ikinci festivalını keçirməyə hazırlaşır.

Teatrdan bildirmişlər ki, “Bizim teatr” adlandırılan festivalın martın 27-dən 29-dək Bakıda reallaşdırılması nəzərdə tutulur.

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə baş tutacaq festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, ölkədə festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Hazırda Bakı Uşaq Teatrında çalışan aktyorlar ikinci festival üçün öz tamaşalarını hazırlayırlar. Onlardan bəziləri monotamaşa, bəziləri isə iki və daha artıq aktyorun iştirakı ilə qurulan tamaşalardır.

Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmamış və aktyorlar dünya klassiklərindən müasir Azərbaycan ədəbiyyatınadək müxtəlif əsərlərə müraciət etmişlər.

Ümumilikdə klassik, pantomima, eksperimental və digər janrlarda olmaqla 13 tamaşa üzərində iş gedir. Festivala yalnız birinci mərhələdən - daxili baxışdan keçən tamaşalar buraxılacaqdır.
Festivalın açılışı 27 mart - Beynəlxalq Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaqdır.
“Bizim Teatr” festivalının bütün tamaşaları ittifaqın tamaşa zalında və foyesində təqdim ediləcəkdir.

Festivala qonaq qismində Türkiyə, İran, Gürcüstandan da teatr kollektivlərinin qatılacağı gözlənilir.

AzərTAc