Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilmişdir - FOTO
24.2.2014

Fevralın 23-də Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilmişdir.

“Fişt” Olimpiya stadionunda təşkil olunmuş mərasimdə əvvəlcə “Bu gözəl həyat” filminin musiqisinin sədaları altında hazırlanmış qayıq stadiona daxil olmuşdur. Soçi Qış Olimpiya Oyunlarının kiçik qəhrəmanı Lyubov əlində yarışın talismanı olan ağ ayı və digər iki yeniyetmə rusiyalı ilə iştirakçıları salamlamışdır.

Sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iştirakçıları salamlamışlar.

Olimpiya Oyunlarında qızıl medal qazanmış rusiyalı idmançılar dövlət bayrağını gətirmiş və himnin sədası altında bayraq qaldırılmışdır. Rusiyanın dövlət himni Valeri Qerqiyevin rəhbərliyi altında uşaq xoru və 1000 gəncdən ibarət orkestrin ifasında səsləndirilmişdir.

Daha sonra Rusiya Hərbi Məktəbinin barabançıları gözəl şou nümayiş etdirmişlər.

Mərasimdə iştirakçı ölkələrin bayraqları meydana gətirilmiş və dünya ölkələri olimpiyaçılarının yürüşü olmuşdur. Müxtəlif ölkələrin idmançılarının birgə yürüş ənənəsinin təməli 1956-cı ildə qoyulmuşdur. Bu yürüş idmanın birləşdirici qüvvəsinin rəmzidir.

Qadınlar arasında 30, kişilər arasında isə 50 kilometr məsafəyə xizək yürüşü yarışlarının mükafatçılarına “Fişt” Olimpiya stadionunda medallar təqdim olunmuşdur.

Sonra Rusiya mədəniyyətinə həsr olunmuş bədii hissə başlamışdır. Bədii hissədə məşhur pianoçu Denis Maçuyev Raxmaninovun “İkinci fortepiano konserti” əsərini 62 fortepianonun müşayiəti ilə ifa etmiş, Nikolay Karsakovun “Şəhrizad” simfonik süitasının sədaları altında Rusiyanın Böyük və Marinski teatrlarının aktyorları tamaşaçılara xoş anlar yaşatmışlar.

“Maskarad” filminin musiqisinin sədaları altında Rusiyanın 23 məşhur yazıçısının yaradıcılığına həsr olunmuş hissə nümayiş olunmuşdur. “Sirk möcüzələri” adlı hissədə 120 personaj tamaşaçılara təqdim olunmuşdur.

XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Olimpiya bayrağı BOK-un prezidenti T.Baxa təqdim olunmuşdur. Ali Olimpiya qurumunun prezidenti bayrağı 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Koreya Respublikasının nümayəndəsinə vermişdir. Sonra Olimpiya Oyunlarının vətəni Yunanıstanın və Koreya Respublikasının bayraqları qaldırılmış və dövlət himnləri ilə yanaşı, Olimpiya himni də səsləndirilmişdir.

Mərasimdə XXIII Pxençxan Qış Olimpiya Oyunlarının təqdimatı olmuş və Koreya Respublikasının mədəniyyətindən bəhs edən hissə nümayiş etdirilmişdir.

Şou başa çatdıqdan sonra “Soçi-2014”ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlamış, bu oyunların Rusiyada keçirilməsindən qürur duyduqlarını bildirmiş, mükafatçılar sırasında yer almış idmançıları təbrik etmişdir.

BOK-un prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi T.Bax Soçidə keçirilən bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq yüksək təşkilatçılığa görə Rusiya hökumətinə öz təşəkkürünü bildirmişdir.

Sonda Soçi Qış Olimpiya Oyunlarının rəsmi talismanı ağ ayı, dovşan və bəbirin iştirakı ilə Olimpiya məşəli söndürülmüş və atəşfəşanlıq olmuşdur. Soçi Rusiyanın yay kurort şəhəri olsa da, Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmişdir.

XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunmuşdur. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxençxan şəhərlərini qabaqlamışdır.

Soçi Olimpiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunmuşdur. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü “Fişt” Olimpiya stadionudur.

İyirmi beş min könüllünün qatıldığı Olimpiadada 2 min 800-ə yaxın idmançı öz gücünü yoxlamışdır. Onlar yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparmışlar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaqdır. Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçı baxmışdır. Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunmuşdur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışmışdır.

Bu Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord müəyyənləşdirmişdir. Soçidə 88 ölkədən olan idmançılar çıxış etmişlər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 medal dəsti uğrunda mübarizə getmişdir ki, bu, 2010-cu ildəkindən 12 dəst çoxdur.

Rusiya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədə qərarlaşmışdır. Ev sahibi olan komandanın hesabında 13 qızıl, 11 gümüş və 9 bürünc medal vardır. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü pillədə yer almışlar. Azərbaycan Olimpiya Oyunlarında dörd idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməmişdir. Ümumilikdə XXII Qış Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanmışlar.

Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcəkdir.

AzərTAc