Təqribi hesablamalara görə, Azərbaycanda bir milyondan artıq çanaq antenası “Azerspace-1” peykinə tuşlanıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə istinadən verilən məlumata görə, peykə tuşlanan çanaq antenalarının sayını müəyyənləşdirmək üçün kabel operatorlarının və ya “DTH (Direct-to-Home)” operatorların təşəbbüsü ilə monitorinq aparmaq lazımdır.
“Azerkosmos”ASC-dən bildirilib ki, hər hansı bir peykin populyarlıq səviyyəsinin ölçülməsi məqsədilə bir neçə üsul tətbiq edilir:
“Bunlardan ən geniş yayılmışı “peoplemeter” adlanan cihazlarla aparılan ölçmələr üsuludur. Bu cihaz televizora qoşulur və onun vasitəsilə baxılan kanalların auditoriyası və mənbəyi barədə məlumatlar alınır. Belə ölçmə və təhlillər bir qayda olaraq marketinq araşdırmaları sahəsində ixtisaslaşan şirkətlər tərəfindən həyata keçirilir”.
“Azəkosmos”dan həmçinin Azərbaycanın milli telekommunikasiya peyki vasitəsilə yayımlanan telekanallara baxanların sayının artdığı bildirilib.
Hazırda “Azərspace-1” peyki üzərindən 60-dan çox yerli və xarici televiziya və radio kanalı yayımlanır: “Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilərlər. Bunların 51-i televiziya, 13-ü isə radio kanalıdır”
gun.az