Piylənmədən qurtulmaq istəyirsən portağal ye!
26.2.2014

Portağal sitrus bitkisidir. Portağal – alman mənşəli sözdür, mənası “çin alması” deməkdir. Bu meyvənin meyvəsindən olduğu kimi, qabığından da geniş istifadə olunur. Meyvəsinin tərkibi şəkər, turşular, duzlar, vitaminlər (A,B1,B2,B3,C), su, hüceyrələrlə, qabığı isə müxtəlif efir yağları ilə zəngindir.

Portağalın tərkibində olan maddələr qanda olan şəkəri sağlam adamlarda normada saxlayır. Şəkərli diabeti olan xəstələrdə isə şəkəri azaldır. Portağal orqanizmin bütün funksiyalarını fəallaşdırır, əsəb sistemini möhkəmləndirir. Bu meyvənin şirəsi avitaminozlarda (vitamin çatışmazlığında) və mədə-bağırsaq xəstəliklərində geniş istifadə olunur. Meyvəsi və ya şirəsi ac qarına yeməkdən 30 dəqiqə qabaq içilməklə iştahanı artırır. Mədə-bağırsağın funksiyasını yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.

Keyfiyyətli portağal şirəsi görməni yaxşılaşdırır, diş dibinin ətini möhkəmləndirir, lazımsız piyləri bədəndən xaric edir. Həmçinin damarların funksiyasını yaxşılaşdırır.

Portağal və ya onun şirəsi iştahanı açır və həzm prosesini yaxşılaşdırır. Xroniki qəbizlikdən əziyyət çəkənlərə axşam yatmazdan qabaq və səhər acqarına portağal şirəsi içmək məsləhətdir.

Portağal hipertoniyada, aterosklerozda, qaraciyər xəstəliklərində, piylənmədə, podaqra və sinqada faydalıdır. Meyvələrində pektin maddəsi çox olduğuna görə bağırsaqların işini yaxşılaşdırır və zəhərli maddələrin kənar edilməsinə kömək göstərir.

Xalq təbabətində portağal qabıqlarının spirtdə çəkilmiş cövhəri titrəmə-qızdırma əleyhinə vasitədir. Yadda saxlamaq lazımdır ki, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində və həmçinin mədə şirəsinin turşuluğu çox olanda portağal və onun şirəsi zərərlidir.

Gün.Az