Bakının seysmik risk xəritəsi hazırlanacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, bu layihənin Yaponiya hökumətinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Hələlik layihə ilə bağlı sənədləşmə işləri həyata keçirilir.
Q. Yetirmişli bildirib ki, paytaxtın seysmik risk xəritəsinin hazırlanmasına böyük ehtiyac var: “Bunun üçün lazım olan kifayət qədər faktik material var. İndiyədək Bakının mükəmməl seysmik mikrorayonlaşdırma xəritəsi olmayıb. Ötən əsrin 50-ci illərində bu tipli bir xəritə olub. Amma indi Azərbaycanda aparılan seysmik tədqiqatların səviyyəsi və keyfiyyəti o vaxtdan xeyli fərqlənir. Həm də həmin məlumatlarda təxminən 50 km məsafəyə qədər yanlışlıqlar ola bilirdi”.
Q. Yetirmişlinin sözlərinə görə, ümumilikdə Bakı şəhəri 8 ballıq seysmik zonada yerləşir. Lakin Bakının elə yerləri var ki, 9 ballıq zəlzələ zonasına aid edilə bilər. Bakı və Abşeron yarımadası üçün əsas təhlükə mənbəyi Xəzər dənizindəki zəlzələ ocaqlarından yaranır: “Xəzərdə də 8-9 ballıq potensial gücə malik, öz sözünü tarixən demiş zəlzələ ocaqları var. Seysmik risk xəritəsinin hazırlanması fövqəladə hallar üçün böyük əhəmiyyət kəsb edəcək. Bakının seysmik risk xəritəsi hazırlanandan sonra seysmik təhlükəsizlik xəritəsi də hazırlanacaq. Bu xəritədə Bakıdakı zəlzələ ocaqlarının təsir dairəsi, gücü, binalara təsiri, hətta hansı tikinti materiallarında istifadə edilməsi ilə bağlı da qeydlər olacaq”.
APA