Binəqədi rayonunun Biləcəri qəsəbəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş milli qəhrəmanlarımızın xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatları, fəal gənclər, hərbçilər, məktəblilər və başqaları iştirak etmişlər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov mərasimdə çıxış edərək ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman vətən övladlarımızın daim dövlətin diqqətində olduğunu bildirmiş, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğulamışdır.
Sonra abidənin açılışı olmuşdur.
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Mərasimdə çıxış edənlər milli qəhrəmanlarımızın xatirəsini daim əziz tutduğuna görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişdir. Milli qəhrəmanlarımızın xatirəsinə büstlərin qoyulması onların ruhuna olan ehtiramın bariz göstəricisi kimi qiymətləndirilmişdir.
Mərasimdə Binəqədi rayon 299 nömrəli orta məktəbin şagirdlərinin ifasında ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirilmiş, milli qəhrəmanların həyat yolları barədə məlumat verilmişdir.
AzərTAc