Azərbaycanlı balerina Almaniyada keçirilmiş beynəlxalq müsabiqənin laureatı olmuşdur - FOTO
28.2.2014

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc və istedadlı solisti, Prezident mükafatçısı Ayan Eyvazova Almaniyada keçirilən nüfuzlu beynəlxalq müsabiqədə iştirak etmiş və müsabiqənin laureatı olmuşdur.

Teatrın mətbuat xidmətindən bildirmişlər ki, Berlin şəhərində keçirilən “Tanzolymp” adlı müsabiqədə ABŞ, Yaponiya, Rusiya, Belarus, İtaliya, İspaniya, Almaniya və digər ölkələrdən nümayəndələr iştirak etmişdir.

Ayan Eyvazova müsabiqədə ölkəmizi təmsil edərək klassik rəqs nominasiyası üzrə qalib olmuş və bürünc medal qazanmışdır.

Müsabiqənin münsiflər heyətində bir sıra dünya şöhrətli balet mütəxəssisləri, o cümlədən Rusiyadan V.Vasilyev, V.Malaxov, S.Filin və başqaları təmsil olunmuşlar.

Ayan Eyvazova 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə başa vurmuş və Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə 2012/2013-cü tədris ilində Moskva Dövlət Xoreoqrafiya Akademiyasında stajartırma kurslarında təhsil almışdır. 2013-cü ilin sentyabrından Opera və Balet Teatrının balet truppasında çalışır.

Hazırda 19 yaşı olan balerina 2010-cu ildən Prezident mükafatçısıdır.

AzərTAc