Azərbaycanlı professor Avropanın ən reytinqli cərrahi forumlarından birinin fakültə üzvü və treyneri seçilib
28.2.2014

Almaniya Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri 22-28 Fevral 2014 tarixində İsveçrənin Davos şəhərində keçirilən və Avropanın cərrahiyyə sahəsində ən reytinqli trezninq kursları hesab edilən 31-ci Beynəlxalq Qastrointestinal Cərrahi Forumunda ilk dəfə iştirak edir.

Gün.Az-ın gamca.az saytına istinadən verdiyi xəbərə əsasən, (http://gamca.az/az/news/view/214), ötən gün tədbir iştirakçısı olan GAMCA sədri, Prof. Dr.med Q.Müslümovun Forumun rəhbərliyi və təşkilatçıları ilə görüşü olmuş, Davos Kursu ilə əməkdaşlığın perspektivləri və imkanları və bu əməkdaşlığın Azərbaycanda diplomdansonrakı davamlı tibbi təhsilin inkişafına verə biləcəyi töhvələr ətraflı müzakirə edilmişdir.

Müzakirələrdən sonra Prof.Dr.med Q.Müslümovun Avropanın cərrahiyyə sahəsində ən reytinqli treyninq kursları hesab edilən bu qurumun treyneri və fakültə üzvü (Faculty Member) seçilməsi qərara alınmışdır.

Nəzərinizə çatdıraq ki, bu forum ilk olaraq Almaniya, İsveçrə və Avstriya Universitetləri tərəfindən təsis edilmiş və bu günə qədər oranın treyner və fakültə üzvləri də bu ölkələr və İsveç, Norveç, Danimarka, İtaliya, Boyük Britaniya, Finlandiya alimləri olmuşdur.

İlk dəfə olaraq bu ölkələrlə yanaşı azərbaycanlı cərrah bu kurslarda əsasən avropa ölkələrindən olmaqla dünyanın hər yerindən qatılmış 500-dən çox həkim və rezidentlərə məruzələr oxuyacaq və cərrahiyyənin müxtəlif sahələrinə aid treyninqlər keçəcək. Dr. Q.Müslümov indiyə qədər postsovet, Şərqi Avropa və Türkiyə də daxil olmaqla bütün şərq ölkələrindən buraya seçilmiş ilk alim olacaq.

Bundan sonra Azərbaycanlı həkim və rezidentlər öz avropalı kolleqaları kimi bu treyninq kurslarında asanlıqla və istənilən sayda iştirak edə biləcək, cərrahiyyədə əksər sahələrdə qizil standart hesab edilən Davos texnikasının sirrlərinə Avropanın aparıcı Universitet Klinikalarının professorlarının məşqçiliyi ilə yiyələnə biləcəklər.

Qürurvericidir ki, onlar həm də azərbaycanlı cərrahın belə sanballı Cərrahi Treyninq Kurslarında moderatorluğunun və apardığı treyninqlərin şahidi olacaqlar. Bununla həm də Azərbaycan dünyanın hər yerindən minə yaxın iştirakçısı olan belə sanballı Cərrahi Kursların Azərbaycanda keçirilməsi şansını qazanmış olacaq.

Gün.Az