Azərbaycanı Kopenhagendə keçiriləcək “Eurovision 2014” mahnı müsabiqəsində Dilarə Kazımova təmsil edəcək.
Dilarə Kazımova mayın 6-da Kopenhagenin “B&W” Hallerne arenasında “Eurovision” mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq.
Onun Azərbaycanı hansı mahnı ilə təmsil edəcəyi martın 15-ə kimi açıqlanacaq.
D. Kazımova iki dəfə Azərbaycanın “Eurovision” üçün milli seçimlərində iştirak edib.
Azərbaycanın “Eurovision”da debüt ili olan 2008-ci ildə tərkibində Dilarənin də olduğu
“Unformal” qrupu milli finalda ikinci yeri tutmuşdu. 2010-cu ildə o, artıq “Milk & Kisses” qrupunun tərkibində Eurovision’a vəsiqənin bir addımlığına kimi gəlib çıxmışdı.
Elə həmin il “Milk & Kisses” qrupu Azərbaycanı Latviyada, Yurmalada keçirilən “Yeni Dalğa” televiziya müsabiqəsində layiqincə təmsil etmişdi.
Azərbaycanın “Eurovision-2014” üçün milli seçimlərinin qalibini Azərbaycandan olan və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib.
APA