Milli İncəsənət Muzeyində pianoçu Ülviyyə Hacıbəyovanın “İthaf” adlı konserti keçirilib - FOTO
3.3.2014

Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ülviyyə Hacıbəyovanın “İthaf” adlı konserti keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, konsert görkəmli Azərbaycan bəstəkarları - SSRİ xalq artisti Qara Qarayev, əməkdar incəsənət xadimləri İsmayıl Hacıbəyov, Fərəc Qarayev, bəstəkar Cahangir Qarayev və XX əsrin böyük rus bəstəkarı İqor Stravinskinin yaradıcılığına ithaf olunub.

Ü. Hacıbəyova bildirib ki, “İthaf” adının seçilməsi təsadüfi deyil: “2013-cü ildə dahi Qara Qarayevin, İqor Stravinskinin, Fərəc Qarayevin yubileyləri qeyd edildi. Bu il İsmayıl Hacıbəyovun 65 illik yubileyi, Cahangir Qarayevin anadan olmasının 64-cü ildönümüdür. Ona görə də bu bəstəkarların əsərlərini konsertimə daxil etdim. Proqramda bəzi əsərlər Azərbaycanda ilk dəfə ifa ediləcək. Cahangir Qarayevin “On pyes”i belə əsərlərdəndir”.

Konsertdə Qara Qarayevin “6 uşaq”, “3 prelüd”, Fərəc Qarayevin “İkinci sonata”, İqor Stravinskinin “Serenada”, İsmayıl Hacıbəyovun “Albomdan səhifələr”, Cahangir Qarayevin “On pyes” və digər əsərlər səsləndirilib.

Konsert proqramı zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bəstəkarlar haqqında hazırladığı video-slayd da nümayiş olunub.

APA