Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycan Dövlət simfonik orkestri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasını ifa etdi. Dövlət başçısı abidənin üzərindəki örtüyü götürdü. Azərbaycan Prezidenti abidənin önünə əklil qoydu.
Dövlət başçısı mərasimdə çıxış edərək dedi: Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir.
Abidənin müəllifi - Azərbaycanın Xalq Rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov.
Abidənin yerdən hündürlüyü 23 metrdir. Qəhrəman koroğlunun Qıratın belində əzəmətli abidəsi Ukraynada bürüncdən tökülmüşdür.
Prezident İlham Əliyev Koroğlu parkında görülmüş işlərdən razılığını bildirdi.