Dünən gecə ABŞ-ın Los-Anceles şəhərində
ənənəvi "Oskar" mükafatlarının təqdimat mərasimi baş tutub. Amerika
Kino Sənəti Akademiyasının təsis etdiyi, bu il 86-cı olan mərasimdə 24
nominasiyada "Oskar" qaliblərinin adları açıqlanıb. Biz isə gecənin “Oskar” mükafatlandırma mərasiminin ən yaxşı stillərinin təhlilini təqdim edəcəyik:
Keyt Blanşett – "Armani Prive" paltarını modelin
nümayiş etdirdiyindən milyon dəfə yaxşı daşıyır. Solğun dərisi, vüqarlı
və məğrur duruşu, bal köpüyü saçları, ağ kirşanla vurğulanmış üzü ilə
güclü obraz yarada bilib. Aktrisa Keyt Blanşett kinorejissor Vudi
Allenin "Yasəmən" filmindəki baş roluna görə "Ən yaxşı aktrisa"
nominasiyasında "Oskar" aldı.
Lupita Nionqo - "Ən yaxşı ikinci dərəcəli qadın
rolu" nominasiyasında "Köləliyin 12 ili" filmindəki roluna görə qalib
olur. Buna görə də, qırmızı xalıda bütün diqqətlər onun üzərində
cəmlənmişdi. Mavi rəngli uçuşan uzun donu “Muiccia Prada”-dan idi.
Emi Adams - sadə, amma rəngi ilə diqqət çəkib xoş
təsir bağışlayan uzun don üzərində qərar verib. Göründüyü kimi “Gucci
Premiere” -ni seçdiyi üçün heç də uduzmayıb. Heç bir mükafat əldə edə
bilməsə də, özü elə “Oskar” heykəlciyi kimi görünürdü.
Digər gözəllər isə daha təmtəraqlı köhnə Hollivud ruhunda əzəmətli,
ətəyi qatar kimi uzanan kraliça stillərinə müraciət ediblər. Keyt Xadson
“Atelier Versace”, Sandra Ballok “Alexander McQueen”, Kamilla Alves
“Gabriela Cadena”-dan geyinib. Baxmayaraq, Meti Makkonaxi “Ən yaxşı kişi
rolu”na görə qalib olur, Amilla Alvesin möhtəşəmliyi ilə ərini kölgədə
qoymuşdu.
Ann Heteueyin stilini dəyərləndirə bilmək üçün
ətraflı təhlil etmək lazımdır. Biz əlbəttə ki, “Gucci” dən olan paltarın
arxa hissəsini nəzərdə tuturuq. Kürək dekoltəsi aktrisanı çox füsunkar
göstərirdi.
Cenifer Lourens – “Christian
Dior” moda evinin imzası hesab olunan ənənəvi peplum stilində
geyinmişdi. Peplum detalı qırımızı və minimalist libasın çatışmayan
cəhətlərini aradan qaldırıb.
Bu oskar mövsümü “Versace” moda evi üçün olduqca uğurlu olur. Belə
ki, Keyt Xadson, Cada Pinket Smit kimi bir çox ulduzlar qırmızı xalıda
sözü gedən moda evinin geyimlərinə müraciət etmişdi.
Naomi Uots - "Calvin Klein" moda evindən geyinmişdi. Əynində kip oturan ağ uzun libası onun cazibədarlığını daha artırmışdı.
Culiya Roberts gündən-günə gəncləşir və gözəlləşir. "Givenchy" -dən olan qara və krujevalı paltar sanki məhz aktrisanın əyninə biçilmişdi.









Publika.Az