Martın 4-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Musiqi Şurası Azərbaycan Milli Musiqi Komitəsinin və “Kukla” Art qalereyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru” mövzusunda tədbir keçirilmişdir.
“Gözəllik nuru” 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təbrikdir, təsviri sənətlə musiqinin birləşməsi, vernisaj və konsertin sintezidir.
AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda xanım, qadın anlayışına həmişə böyük rəğbət, hörmət bəsləndiyini söyləmişdir. Bildirmişdir ki, Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilmişdir. Nazir əlamətdar bayram münasibətilə qadınları təbrik etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan xanımlarının öz peşəkarlıqları, istedadları ilə dövlətimizin inkişafına, çiçəklənməsinə töhfələr verdiklərini söyləmişdir.
Tədbir çərçivəsində əvvəlcə konsert proqramı təqdim edilmişdir. Respublikanın tanınmış musiqiçilərinin ifasında “Sinayaya veçnost”, “Aşıq Ələsgər”, “Durna”, “Dağlarda bayram”, “Unutma məni” mahnıları dinlənilmişdir.
Tədbirdə qadın rəssamlarımızın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri, həmçinin Muzey Mərkəzinin kolleksiyası və ayrı-ayrı rəssamların qadınlara həsr etdikləri əsərlər nümayiş olunur.
Sərgidə, ümumilikdə, 78 müəllifin 100-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və batika əsəri, “Kukla” Art qalereyasının kolleksiyasına aid olan müəllif nümunələri təqdim edilir.
Sərginin əsas məqsədi qadın rəssamların yaradıcılığının təbliği, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunmasıdır.
Sərgi martın 9-dək davam edəcəkdir.
AzərTAc