Martın 4-də “Baku Creative Center”də “Photoman-2013” Beynəlxalq fotomüsabiqəsinin yekun sərgisi açılmışdır.
Azərbaycanın tərəfdaş ölkə kimi iştirak etdiyi fotomüsabiqənin sərgisi Azərbaycan Fotoqraflar Birliyi və “Baku Creative Center”in dəstəyi ilə keçirilmişdir.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu fotomüsabiqə haqqında məlumat vermişdir.
Bildirmişdir ki, “Photoman-2013” Beynəlxalq fotomüsabiqəsi “Say Cheese” layihəsi çərçivəsində reallaşdırılmışdır. Avropa İttifaqının Mədəniyyət Fondu tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi “Şərq tərəfdaşlığı” ölkələrinin müsbət imicini yaratmaq və təbliğ etməkdir.
Mirnaib Həsənoğlu fotomüsabiqədə “Şərq Tərəfdaşlığı” ölkələrindən – Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistandan fotoqrafların iştirak etdiyini söyləmişdir. Bildirmişdir ki, 2013-cü ilin dekabrında başlanılmış fotomüsabiqəyə Azərbaycandan 63 nəfər qoşulmuşdur. Onlardan 17 nəfər müsabiqədə iştirak etmək hüququ qazanmışdır. Dörd mərhələdən ibarət olan müsabiqədə 15 nəfər bütün mərhələləri keçmişdir.
Qeyd edilmişdir ki, qaydalara uyğun olaraq hər ölkədən sonuncu mərhələdə iştirak edən 15 nəfər “Şərq tərəfdaşlığı” ölkələri tərəfindən sertifikatlara layiq görülürlər.
Sonra iştirakçılara fotomüsabiqənin finalına keçdiklərinə görə sertifikatlar təqdim olunmuşdur. Azərbaycandan birinci yerə, ümumilikdə isə fotomüsabiqədə 4-cü yerə çıxmış Rəşad Mehdiyevə sertifikatdan əlavə Gürcüstan tərəfindən hədiyyə də verilmişdir.
Sərgidə müsabiqədə iştirak etmiş 17 iştirakçının fotoları nümayiş olunmuşdur.
AzərTAc