Macarıstanın paytaxtı Budapeşt şəhərinin F.List adına Musiqi Akademiyasının kamera zalında həmyerlimiz Jalə Rəsulovanın Diplom konserti baş tutmuşdur.
Konsertin proqramının birinci hissəsinə İ.S.Bax, L.v.Bethoven, R.Şuman və K.Debüssinin əsərləri daxil edilmişdir. İkinci hissədə isə J. Rəsulova yüksək səviyyəli musiqiçilər ilə (violonçel - yaponiyalı Mizuki Ueda, skripka – avstriyalı Miranda Liu) L.V. Bethovenin "B flat major Piano Trio"-sunuu ifa etmişdir.
J. Rəsulova 1989-cu ildə Bakıda anadan olmuşdur. Kiçik yaşlarından musiqi ilə məşğul olan Jalə həm solo, həm də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Dövlət Kamera Orkestri ilə çıxış etmişdir.
2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsini qırmızı diplom ilə bitirdikdən sonra Jalə Budapeştdə yerləşən F.List adına Musiqi Akademiyasının magistr pilləsinə daxil olmuşdur. Magistraturada oxuyarkən Budapeştin bir çox konsert salonlarında solo və kamera ansamblları ilə müxtəlif əsərlər ifa etmişdir. Həmçinin Avstriyanın Vyana şəhərində də bir neçə çıxışı olmuşdur.
AzərTAc