Almaniyada yaşayan azərbaycanlı rəssamın Bakıda “İthaf. Şərq və Qərb arasında” mövzusunda ilk fərdi sərgisi açılmışdır - FOTO
7.3.2014

Martın 6-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Əməkdar Rəssam Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” mövzusunda ilk fərdi yaradıcılıq sərgisi açılmışdır.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin tələbəsi olduğunu demişdir. Bildirmişdir ki, Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və digər ölkələrdə fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır.

Diqqətə çatdırılmışdır ki, Əşrəf Heybət portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, irihəcmli monumental əsərlərin də müəllifidir.
Ə. Vəliyev qeyd etmişdir ki, bu günkü sərgidə rəssamın 95 əsəri nümayiş olunur.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Milli Məclisin deputatları Rafael Hüseynov, Asim Mollazadə və digər çıxış edənlər də Əşrəf Heybəti Azərbaycan tarixinə, mədəniyyətinə bağlı sənətkar kimi səciyyələndirmişlər.

Qeyd olunmuşdur ki, rəssamın əsərlərinin əsas mövzusu Azərbaycan, o cümlədən Bakı, Abşeron mənzərələridir.

Rəssamın Qərb ifadə tərzini Azərbaycan rəssamlıq məktəbi ilə birləşdirdiyi qeyd edilərək vurğulanmışdır ki, o, əsərlərində Şərqlə Qərbin üzvü vəhdətini yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, əsərlərində rənglərin vəhdətini əks etdirən fırça ustası Azərbaycan rəssamlıq məktəbinin nailiyyətlərini dünyaya çatdırır.

Mərasimdə görkəmli rəssama elm, mədəniyyət, incəsənət sahəsində, ictimai həyatda xidmətlərinə görə “Zirvə” ziyalılar təşkilatının və Azərbaycan Demokratik İslahatlar Partiyası diplomlarları təqdim edilmişdir.
Əşrəf Heybət sərginin təşkilinə görə minnətdarlığını bildirmişdir.
Sərgi martın 14-dək davam edəcəkdir.

Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının və UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq “Sülh elçisi” mükafatı laureatı, Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunmuşdur. O, Almaniyada yaşayıb-yaratsa da əsərlərində mənsub olduğu xalqa, doğma Vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim özünü göstərir.

AzərTAc