Gənc azərbaycanlı bəstəkarın əsərləri Avropa festivallarında səsləndirilir
12.3.2014

Almaniyanın Eslinqen şəhərində keçirilmiş “tonArt” festivalında gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin soprano və klarnet üçün yazdığı “Bu axşam, quşlar” əsəri Kristi Fin və Feliks Behringerin ifasında səslənmişdir.

Türkər Qasımzadə bildirmişdir ki, İrlandiyanın paytaxtı Dublində reallaşdırılmış “Up Close with Music” adlı digər festivalın konsert proqramına isə bəstəkarın solo-fleyta üçün yazdığı “Patterns of the ink dissolving in water” (“Suda həll olan mürəkkəbin naxışları”) əsəri daxil edilmişdir. Bu əsəri tanınmış fleytaçı Madlen Stonton ifa etmişdir.

Gənc bəstəkarın “Solo for Erin Lesser” əsəri cari ilin yayında İtaliyanın Tuskan bölgəsində keçiriləcək “Cortonia Prize” müasir musiqi festivalında ifa üçün seçim turundan uğurla keçmişdir. Bu əsər 17 finalçının əsərləri sırasında daxil edilməklə, müxtəlif ölkələrdən təqdim edilən 84 əsərin arasından seçilmişdir.
Bundan əlavə, Türkər Qasımzadə bu ilin iyulunda Fransada keçiriləcək nüfuzlu “Etchings” festivalının təşkilat komitəsindən də dəvət almışdır.

Festivalın münsiflər heyəti tədbirdə iştirak üçün T.Qasımzadənin namizədliyi barədə də qərar vermişdir. Orada bəstəkara sifariş verilən əsəri ifa olunmalı və həmin əsərin görkəmli musiqiçilər tərəfindən müzakirəsi keçirilməlidir.

AzərTAc