Bakının “Sovetski” deyilən ərazisinin gələcək taleyi, demək olar ki,
hər kəsi dərindən düşündürür. Bu mövzu heç də uzaq gələcəyə aid deyil.
Artıq bu barədə müəyyən fikir və təkliflər də mövcuddur. Dünyanın
müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi
memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı
maraqlı layihə təqdim edib.
Bu layihənin özəlliklərindən danışıb. Onun sözlərinə görə, təklif etdiyi
park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı
nəzərdə tutur.
Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən
yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların
genişləndirilməsini, eləcə də yeraltı yolların inşasını nəzərdə tutur.
"Bu, şəhərin səs-küyündən necə deyərlər qaçıb gizlənməyə imkan verən əsl
təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir.
Mən bu parkı şəhərin yaşıl “ağ ciyərləri”nə bənzədərdim".
Sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin
strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri
hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin
qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan
geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı
yaranacaq.
Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq.
Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş
parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət
mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park
arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar
prospektini vizual şəkildə birləşdirən “Şəbəkə” həmçinin Bakının gecə
həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda “Şəbəkə” gecə
işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək.





ANS PRESS