Martın 12-də Londonda yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova bolqarıstanlı gitara ustası Stanislav Xvarçilkov ilə birgə xüsusi konsert proqramı ilə çıxış edərək “Dreams” adlı albomun təqdimat mərasimi keçirilib.
Təxminən 120 musiqisevərin iştirakı ilə keçirilən konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sponsorluğu ilə təşkil olunub. Musiqili gecə həm də “TEAS təqdim edir” seriyasından olan mədəniyyət tədbirlərinin başlanğıcı olub.
AAC-dan verilən məlumata görə, təqdimat mərasimində çıxış edən Cəmiyyətin incəsənət və mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva bildirib ki, bu qəbildən olan mədəniyyət tədbirləri çərçivəsində konsertlər, sərgilər və kitab təqdimatlarının keçirilməsi planlaşdırılır.
O qeyd edib ki, Nəzrin Rəşidova Azərbaycanın parlaq və gənc musiqiçilərindən biridir. Musiqiçi ailəsində böyümüş Nəzrinin Bakıda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ilk ifaları haqqında söz açan S. Rakçeyeva vurğulayıb ki, o, sürətlə inkişaf edərək qeyri-adi musiqiçiyə çevrilib. Nəzrin Rəşidova Böyük Britaniyada yeganə simli alətlərdən ibarət “FeMusa” qadın ansamblını təsis edib.
Konsertdə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin klassik mahnılarına musiqiçilərin özlərinin aranjeman etdikləri musiqi parçaları səsləndirilib.
“Sarı Gəlin”, “Bakı”, “Azərbaycan” və albomun adı ilə də üst-üstə düşən “Arzular” (“Dreams”) mahnılarının ifası salondakı tamaşaçılar tərəfindən maraqla qarşılanıb, alqışlarla qarşılanıb. Azərbaycanlı tamaşaçılar musiqiçini daha çox böyük coşqu ilə alqışlayıblar.
APA