Tokio mətbuatı yazır ki, Yaponiyanın “Xitaçi” korporasiyasının
mütəxəssisləri otaqdakı xırda əşyaları tapa bilən robot işləyib
hazırlamışlar.
GoMap.az AzərTAc agentliyinə istinadən xəbər verir kli, EMIEW2 adlı
robot insanın şifahi komandaları başa düşə bilir. Məsələn, ondan
otaqdakı hər hansı bir əşyanı, tutaq ki, qol saatını tapmasını xahiş
etmək olar. Robot dərhal İnternetə qoşulacaq, axtarışda qol saatının
təsvirini tapacaq və onu öz sensorlarının – otağa göz gəzdirmək üçün
istifadə etdiyi kameraların göstəriciləri ilə müqayisə edəcəkdir.
Axtardığı əşyanı tapan kimi robot onun yerini həmin adama bildirəcəkdir.
Hündürlüyü 80 sm olan insanabənzər EMIEW2 robotunun birinci versiyası
hələ 2007-ci ildə hazırlanmışdı, lakin o zaman “Xitaçi”nin mühəndisləri
robot üçün yalnız insan nitqini tanımaq “imkanı yaratmışdılar”. Yeni
versiya əşyaları axtarmaqla yanaşı, həm də yüksək sabitliyə, müxtəlif
yerlərə yönlənmək və insanlar arasında toqquşmadan yerimək qabiliyyətinə
malikdir. Robotu hazırlayan mütəxəssislərin fikrincə, EMIEW2 ofis
binalarında ideal köməkçi ola bilər. Məsələn, o, sənədləri asanlıqla
daşıya və qonaqları lazım olan otağa ötürə bilər.