Azərbaycanın "Eurovision-2014" mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovanın yarışmada ifa edəcəyi mahnı müəyyənləşib.
O, mayın 6-da Danimarkanın paytaxtı Kopenhagedə keçiriləcək ilk yarımfinal çıxışında "Start a Fire" mahnısını ifa edəcək.
Gənc və istedadlı müğənni ifa edəcəyi mahnını "güclü, eyni zamanda yaralı qadının etirafı" kimi xarakterizə edir: "Bu mahnı təkcə sevgi haqda deyil, həm də xeyirxahlığı, insanpərvərliyi və qarşılıqlı hörməti ehtiva edir. Höəmçinin, acımasız həyatda necə yalnız qalınmasından bəhs olunur".
Dilarə uzun müddətdir səhnədədir və Azərbaycanda çox populyardır. İndi isə bütün Avropanın onun sənətindən xəbərdar olmasını istəyir.Opera vokalı dərslərinin sayəsində Dilarə müxtəlif vokal janrlarında ifa etdiyi mahnılarıyla dinləyiciləri təəccübləndirməyi bacarır. Onun repertuarında operadan soula, caza və pop musiqiyədək hər janrda mahnı var.
Dilarənin sözlərinə görə, "Eurovision-2014" mahnı müsabiqəsində gerçək və təsirli mahnı ifa etmək istəyib: "Mahnının süjet xətti faciəvidi, ancaq parlaq gələcəyə ümid bəslənilir. Sanki qaranlıqda isti, ancaq çox çətinliklə görünən işıq axını görürsən. Deyə bilərəm ki, mən indi bu mahnını yaşayıram, onu birinci notundan sonuncu notunadək hiss edirəm. Çox istəyirəm ki, auditoriya da onun dərin mənasını anlasın".
"Start a Fire" mahnısı istedadlı komanda - Yohan Kronland, Alessandr Quthard və Stefan Orn tərəfindən yazılıb. Stefan Orn "Eurovision-2011"-in qalibi olmuş "Running Scared" mahnısının müəlliflərindəndir.
"Hətta ən kiçik işıq da yanğını alovlandıra bilər", - deyə mahnıda bildirilir. Kim bilir, bəlkə də Dilarənin avropalı dinləyicilər arasında populyarlığını elə bu yanğın alovlandıracaq.
VİDEO
Gun.az