Beyin üçün pəhriz
17.3.2014

Yaddaşı inkişaf etdirmək, beynin ətraf aləmdə baş verənlərə diqqət və reaksiyasını təkmilləşdirmək hər yaşda mümkündür.

Ancaq çox vaxt buna elmin son nailiyyətləri, hətta möcüzəli həblər belə kifayət etmir.

Ümumi qənaət budur ki, beyin üçün lazım olanları əsasən qidalar verir.

Gün.Az ANS PRESS-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, birınci növbədə beyinə B vitamini lazımdır. Məhz bu vitamin əsəb sistemini və yaddaşı möhkəmləndirir. Təsadüfi deyildir ki, dietoloqlar bu vitamini əsasən yaradıcı adamlar üçün məsləhət görürlər. B vitamini ilə zəngin olan noxud beynin bütün funksiyalarını yaxşılaşdırır. Yulaf yuxusuzluğa kömək edir. Qoz, qəhvəyi düyü, yaşıl tərəvəzlər, ət və süd məhsulları isə yaddaşı möhkəmləndirir.

Bunlarla yanaşı, adi su yaddaşın möhkəmləndirilməsində əvəzsizdir. Bədəndə su çatışmazlığı birbaşa beyinə təsir göstərir: informasiya yadda qalmır, yaxud da düzgün qavranılmır. Gündə 8 stəkan su isə vəziyyəti yaxşılaşdıra bilər.
Beyinin yaşlanmasının qarşısının alınmasında C və E vitaminlərinin böyük rolu vardır. Bu vitaminlər əsasən meyvə və tərəvəzlərdə olur.

Vitamin E avokado meyvəsində daha çoxdur. Avokadonu az miqdarda badam, günəbaxan və balqabaq toxumu, həmçinin yaşıl kahı yarpaqları ilə qarışdırın, bir qaşıq küncüt yağı əlavə edin. Bu qarışıqdan mükəmməl salat alınacaq. Dietoloqlar bu salatdan gündəlik istifadə etməyi məsləhət görürlər. Vitamin E yalnız təbii yağların tərkibində çoxdur.
Çiyələk, qarağat və moruq isə C vitamini ilə zəngindir.

Maqnezium, dəmir və sink - beyinin ən əhəmiyyətli köməkçiləridir. Maqneziyum qan dövranını yaxşılaşdırır, əqli fəaliyyəti gücləndirir və stressin öhdəsindən gəlir. Sink diqqətin konsentrasiyasına təsir göstərir, dəmir riyazi qabiliyyətin inkişafına kömək edir.
Maqneziyum avokado, qoz və fındıq, lobya, quru ərik, kişmiş, alma, sarımsaq, qreypfrut və mərcimək kimi məhsullarda, dəmir - qaraciyərdə və dənli bitkilərdə, sink isə balqabaqda və dəniz məhsullarında zəngindir.

İnsan beyni piyləri sevir. Onlar yaddaşa və intellektə kömək edir. Məlumdur ki, bütün piylər faydalı və zərərli olur. Balıq və küncüt yağı sağlam piylər hesab olunur. Gündə qəbul olunan 100 qram balıq yağı və bir qaşıq bitki yağı beyinimizi omega -3 turşusu ilə kifayət qədər təmin etmək üçün kifayətdir.

Gün.Az