Türkiyədə səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Xocalı
soyqırımının 20-ci ildönümü ilə bağlı Ceyhan bələdiyyəsi tərəfindən
təşkil olunan konfransda çıxış etmişdir.
Əvvəlcə konfransda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə
bağlı hazırlanmış film və faciənin dəhşətlərini əks etdirən fotosərgi
nümayiş olunmuşdur.
Ceyhan bələdiyyəsinin sədri Hüseyn Sözlü tədbir iştirakçılarına Xocalı
soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Ceyhan bələdiyyəsinin
Xocalı soyqırımını tanıdığını və bununla bağlı rəsmi sənəd də qəbul
etdiyini bildirmişdir. H.Sözlü bu faciənin bütün dünyanın diqqətinə
çatdırılmasının hər bir türkün vəzifəsi olduğunu demişdir.
Konfransda çıxış edən Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin
Xocalıda törətdiyi soyqırımının bütün dünya ictimaiyyətinə
çatdırılmasının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Xocalı
faciəsi təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı
törədilmiş cinayətdir.
Q.Paşayeva Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda
törətdiyi vandalizm aktları, ermənilərin Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma
yurdlarından didərgin düşməsi, Dağlıq Qarabağ həqiqətləri barədə
məlumatların daha geniş coğrafiyada yayılmasının vacibliyini
bildirmişdir.
Azərbaycanlı deputat hər kəsi fevralın 26-da “Hamımız Xocalıdanıq,
Hamımız Qarabağdanıq” adı altında İstanbulun Taksim meydanında
keçiriləcək mitinqdə iştirak etməyə çağırmışdır.
AzərTAc