Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksi və “İdrak” şirkəti tərəfindən Novruz bayramının rəmz və atributlarına aid eskizlərin və milli bədii kontentin yaradılması məqsədilə müsabiqə elan edilmişdir.
ADRA-dan bildirmişlər ki, ilkin təqdim edilmiş eskizlərə Akademiyanın muzey-sərgi kompleksi və “İdrak” şirkətinin birgə təşkil etdikləri komissiya tərəfindən baxılacaqdır. İşlər daimi və müvəqqəti materialda, həmçinin eskiz və kompyuter formatında təqdim edilə bilər. Ən yaxşı işlər
həvəsləndirici pul mükafatlarına layiq görüləcək və müəllif variantında icra ediləcəkdir. Bundan əlavə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “İdrak” şirkətinin birgə təşkil etdikləri dizayner layihələrində istifadə olunacaqdır.
Müsabiqəyə miniatur, rəngkarlıq və qrafika, dekorativ-tətbiqi sənətin bütün növlərində, ənənəvi və yeni texnologiya ilə, həmçinin materiallardan hazırlanmış gəlincik, zərgərlik məmulatları və bijuteriya, dekorativ metal, şüşə və keramika, qobelen, batika, applikasiya, qurama, çətən və digər materiallardan istifadə olunmuş əl işləri təqdim oluna bilər.
Müəlliflər tərəfindən yaradılmış simvolların gələcəkdə istifadə edilməsi və bədii məhsulun eksklüziv nümunələrinin məhdud sayda və ya kütləvi tirajla istehsalında onların hüquqları qorunacaqdır.
Müsabiqə iki turdan ibarətdir. Birinci turda müsabiqənin komissiyası tərəfindən təqdim edilmiş eskizlərə baxılacaq və qəbul ediləcəkdir. İkinci turda isə qaliblərin təyin edilməsi və mükafatlandırılması olacaqdır.
Müsabiqə Novruz bayramı günlərində təşkil ediləcək satış-sərgi ilə yekunlaşacaqdır.
Müsabiqədə fərqlənmiş gənclərdən bir qrup seçiləcək və onlara “İdrak” şirkəti tərəfindən pulsuz informasiya texnologiyaları və dizayn sahəsi üzrə nanotexnologiyaları treninqi keçiriləcəkdir.
Əlavə məlumat üçün adramuseum@gmail.com elektron ünvanı və (012) 566-56-69; (070)303-02-04; (051) 768-49-58 telefon nömrələri ilə əlaqə saxlamaq olar.
AzərTAc