Martın 19-da Novruz bayramı ilə əlaqədar paytaxtın dörd nöqtəsində möhtəşəm atəşfəşanlıq olacaq.
Bunu Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova deyib.
“Novruz bayramı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Bakının bütün rayonlarında bayram şənlikləri təşkil olunacaq.
Ən böyük şənlik isə Dənizkənarı Milli Parkda keçiriləcək. Bayram tədbirinin sonunda isə bulvarın dörd nöqtəsində atəşfəşanlıq olacaq. Bundan başqa Bakıda yerləşən uşaq bağçalarına və səfirliklərə bayram xonçaları göndəriləcək”- deyə, N.Mərdanova bildirib.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də Novruz bayramı ilə əlaqədar xüsusi tədbirlər keçirməyi nəzərdə tutur.
İdarədən aldığımız məlumata görə, 20-23 mart tarixlərində İçərişəhərdəki Qoşa Qala Qapılarında möhtəşəm Novruz şənliyi təşkil olunacaq.
Festival şəklində keçiriləcək şənlikdə 8 ölkədən olan əcnəbi nümayəndələr də iştirak edəcəklər.
Gün.Az