«Dilmanc» tərcümə sisteminin yeni versiyası istifadəyə verilib
18.3.2014

Azərbaycanda «Dilmanc» tərcümə sisteminin yeni versiyası istifadəyə verilib. Bu versiyada mətnləri Azərbaycan, ingilis və rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni versiyanın əsas imkanları mətnin avtomatik tərcüməsi sistemi vasitəsi ilə mətnləri Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək, proqramın lüğət bölməsinə tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq, «Nümunələr» düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələri avtomatik görmək, mətnin səsləndirilməsi, tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, «Səsləndir» düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asmaq və mobil qurğulara yükləməkdən ibarətdir.

«Android» əsasında işləyən telefon və planşetlərə «Dilmanc Mobile Translator» proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, ingilis və rus dilləri arasında tərcümə etmək olar. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, «Play Store»da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənib.

Proqramın yeni versiyası saytında onlayn tərcümə portalı kimi istifadəyə verilib və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.

APA