Azərbaycan xalqının bu günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, insanların gələcəyə, bolluğa ümidini əks etdirən Novruz bayramı martın 18-də Sumqayıtda maraqlı və yaddaqalan tədbirlə qeyd edilmişdir.
Bu münasibətlə Bayraq meydanında ümumşəhər şənliyi keçirilmişdir.
Tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, Sumqayıt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Bayram şənliyi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında nümayiş olunan teatrlaşdırılmış səhnələr, qədim toplardan açılan atəş, rəngarəng musiqi nömrələri, bayram gəmisinin meydana gəlişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Dədə Qorqud, Bahar qız, məşhur nağıl personajları, zəncilərin musiqi qrupu, əl-əlvan geyimli körpə fidanlar bayrama tamaşa edən sumqayıtlıların önündən keçmişlər.
Tədbirdə milli adət-ənənələrimizi əks etdirən sənətkarlıq nümunələri nümayiş olunmuşdur. Hər kəs nəhəng samovarda hazırlanan ətirli Azərbaycan çayı və bayram şirniyyatına qonaq olmuşdur.
AzərTAc