Novruz bayramı ilə əlaqədar Zərdabda ümumrayon şənliyi keçirilmişdir - FOTO
19.3.2014

Zərdabdakı mərkəzi stadionda Novruzun gəlişi ilə əlaqədar ümumrayon şənliyi keçirilmişdir.

Tədbir stadionda təşkil edilmiş milli adət-ənənələrimizi əks etdirən sənət nümunələrinin nümayişi ilə başlamışdır. Bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqud və Bahar qızı Oğuz igidlərinə, xatunlarına əmin- amanlıq, bol ruzi arzulamışlar.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı bayram münasibətilə iştirakçıları təbrik etmiş, Novruz adətlərinin zənginliyindən danışmışdır. Bildirilmişdir ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən ala bilməmişdir.
Ulu öndərimiz Heydər Əliyevin apardığı uğurlu siyasəti xatırladan natiq demişdir ki, bu müdrik siyasət nəticəsində Novruz bayramı öz qədim tarixi ənənəsinə qovuşmuş, onun əhatə dairəsi xeyli genişlənmişdir.

Bildirilmişdir ki, Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ümummilli Liderin yaratdığı bu ənənəni yeni müstəvidə daha da genişləndirir, Novruz bayramına yeni-yeni məna çalarları bəxş edirlər. Bu diqqət və qayğının nəticəsidir ki, Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

İcra başçısı regionların sosial-iqtisadi sahəsində dövlətimizin başçısının həyata keçirdiyi misilsiz tədbirlərdən və bu istiqamətdə Zərdab rayonunda görülən işlərdən minnətdarlıq hissi ilə danışmışdır.

Musiqi kollektivlərinin nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli oyunları, idmançıların, kəndirbazın nömrələri, at yarışları maraqla qarşılanmışdır.

Məktəblilər qədim oyunlarımızı nümayiş etdirmişlər. Meydan boyu yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilmiş, əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylamışlar.

Mərkəzi stadionda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası da təşkil olunmuşdur.


AzərTAc