Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Novruz bayramı və istirahət günlərində Azərbaycan ərazisində gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva açıqlamasında deyib ki, martın 20-də gün ərzində ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Onun sözlərinə görə, buna baxmayaraq yenidən cənub küləyinin, xüsusən də gündüz saatlarında güclənəcəyi proqnozlaşdırılır. Martın 21-də isə cənub küləyi güclü şimal küləyi ilə əvəz olunacaq. Günün ikinci yarısında başlayaraq respublikanın ayrı-ayrı rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda yağıntıların sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır. Güclü küləkli, qeyri-sabit hava şəraiti martın 22-si gündüzədək davam edəcək. Martın 22-də paytaxtda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədə aşağı enəcək. Bu da davamiyyətli şimal küləyinin əsməsi ilə əlaqədardır. Belə ki, martın 20-də və 21-də günün birinci yarısında paytaxtda 11-16 dərəcə isti, martın 22-də isə havanın temperaturu 6-11 dərəcə isti olacaq”.
U.Tağıyeva qeyd edib ki, martın 23-dən başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək, havanın temperaturu norma daxilində olacaq, mülayimləşəcək. Xoş və yağmursuz hava şəraiti martın 26-dək bərqərar olunacaq.
APA