Martın 27-də dünyada teatr sənəti xadimlərinin peşə bayramı - Beynəlxalq Teatr Günü qeyd edilir.
Bu təşəbbüs ilk dəfə Helsinkidə, daha sonra 1961-ci ildə Vyanada, Beynəlxalq Teatr İnstitutunun (ITI) IX Ümumdünya Konqresində səsləndirilmişdir. O vaxt görkəmli teatr xadimi, ITI-nin Finlandiya Mərkəzinin prezidenti Arvi Kivimaa başçılıq etdiyi qurum adından bu bayramı təsis etmək təklifini irəli sürmüşdü.
Təklif Skandinaviya ölkələri tərəfindən dəstəklənmiş və konqresdə qəbul olunmuşdur.
O vaxtdan etibarən martın 27-i (həmin gün “Millətlər teatrı” Ümumdünya Teatr Festivalının Paris mövsümünün təntənəli açılışı olmuşdu) bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edilir.
Hazırda dünyanın təqribən 100 ölkəsində fəaliyyət göstərən ITI-nin milli mərkəzləri buna geniş dəstək göstərirlər.
Milli mərkəzlər UNESCO-nun himayəsi altında ən sanballı beynəlxalq qeyri-hökumət təşkilatının – Beynəlxalq Teatr İnstitutunun ideallarını həyata keçirməklə, qurumun nizamnaməsində təsbit olunmuş başlıca məqsədə - teatr sənəti nəzəriyyəsi və təcrübəsi sahəsində beynəlxalq mübadilələrin dəstəklənməsinə, teatr xadimləri arasında yaradıcılıq prosesinin təşviqinə və əməkdaşlığın möhkəmlənməsinə, inkişafın gələcək mütləq şərti kimi yaradıcılığın dəstəkləməsi zərurətinin cəmiyyətə aşılanmasına, xalqlar arasında sülhün və dostluğun möhkəmləndirilməsi naminə qarşılıqlı anlaşmanı dərinləşdirməyə, UNESCO ideallarının və məqsədlərinin müdafiəsinə öz töhfələrini verməyə nail olurlar.
AzərTAc