Danimarkadakı Azərbaycan Evi bir illiyini qeyd etmişdir - FOTO
31.3.2014

Kopenhagendə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin nəzdindəki Azərbaycan Evinin fəaliyyətə başlamasının bir illiyi qeyd edilmişdir.

“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, bu cəmiyyət Azərbaycan həqiqətlərinin danimarkalılara çatdırılması istiqamətində mühüm işlər görür. O, burada yaşayan danimarkalılarla yanaşı, müxtəlif xalqların nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı barədə ətraflı məlumatlandırılmaları üçün müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. Həmin tədbirlərin iştirakçılarına Azərbaycan tarixi həqiqətlərindən bəhs edən kitab və broşürlər verilir. Bu işdə azərbaycanlılarla yanaşı, Danimarkada yaşayan türkdilli xalqların nümayəndələri də yaxından iştirak edirlər.

Cəmiyyətin sədri, həmçinin Danimarka parlamentinin üzvləri, türk mənşəli deputatlarla da sıx əlaqələr yaratdıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının bu ölkənin parlamentinə çıxarılması üçün bəzi işlərin də görüldüyünü söyləmişdir.

Azərbaycan Evinin fəaliyyətindən bəhs edən S.Sadiqi demişdir ki, bura xalqımızın mədəniyyəti və tarixi barədə müxtəlif tədbirlərin keçirildiyi bir məkandır. Danimarkada yaşayan azərbaycanlıların adət-ənənələrinin yaşadılması baxımından bu evin böyük əhəmiyyət daşıdığını vurğulayan natiq ölkəmizin Böyük Britaniyadakı səfirliyinə Azərbaycan Evinin açılmasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.

“Vətən” Cəmiyyətinin gələcək planları barədə ətraflı məlumat verən S.Sadiqi bildirmişdir ki, yaxın vaxtlarda Danimarkada fəaliyyət göstərən türkdilli cəmiyyətlərin konfransının keçirilməsi planlaşdırılır. O, həmçinin Skandinaviya Azərbaycan Gəncləri təşkilatının yaradılması istiqamətində də bəzi işlərin görüldüyünü qeyd etmişdir.

Azərbaycan Evinin Danimarkadakı həmvətənlərimizin birliyinin təmin edilməsində böyük rol oynadığını söyləyən “Vətən” Cəmiyyətinin üzvü Tahirə Rzayeva tariximizin, adət-ənənələrimizin yaşadılması, tanıdılması baxımından bu qurumun fəaliyyətinin vacibliyini vurğulamışdır.

Sonda tədbir iştirakçılarına Azərbaycan mətbəxinin müxtəlif yemək və şirniyyatları təqdim edilmişdir.

AzərTAc