Bu gündən Azərbaycanda “Euro-4” standartının tətbiqinə başlanıb
1.4.2014

Bu gündən Azərbaycan “Euro-4” standartına keçib.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 «Yol nəqliyyatı. Ekoloji siniflər» dövlət standartına dəyişiklik təsdiq edilib.

Dəyişikliyin tətbiq vaxtı aprelin 1-dən müəyyən edilib. Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Euro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə «Euro-4» ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların «Euro-4» ekoloji normalara uyğun olması əsas götürüləcək.

APA