Azərbaycan Dünya Mobil Konqresində iştirak edir
27.2.2012

Bu gün Barselona şəhərində (İspaniya) dünyanın iri mobil sənaye sərgisi və mobil rabitə rəhbərləri, satıcı və sahiblərinin konqresi olan «Mobile World Congress 2012» işə başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, «WMC 2012»-də RİTN-in Aparat rəhbəri Vidadi Zeynalov, eləcə də ölkənin mobil rabitə operatorlarının nümayəndələri iştirak edirlər.
Mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran tədbirdə 1,4 mindən çox şirkət və istehsalçı iştirak edir. Sərgidə mobil innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və internet-texnologiyaların nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar, forumlar və sessiyaların keçirilməsi planlaşdırılır.
Sərgi ərəfəsində əksər istehsalçılar 2012-ci ildə istehsala buraxılacaq yeni qurğularını nümayiş etdirib. Bu il mobil qurğu istehsalçıları diqqətlərini yüksək məhsuldarlığa malik böyük ekranlı ikinüvəli və dördnüvəli smartfonlara yönəldiblər.
Bundan başqa, Barselonada «Microsoft» Korporasiyasının «Windows 8» əməliyyat sisteminə həsr edilən böyük təqdimat keçirəcəyi də gözlənilir.