Bu gün Barselona şəhərində (İspaniya) dünyanın iri mobil sənaye sərgisi
və mobil rabitə rəhbərləri, satıcı və sahiblərinin konqresi olan «Mobile
World Congress 2012» işə başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata
görə, «WMC 2012»-də RİTN-in Aparat rəhbəri Vidadi Zeynalov, eləcə də
ölkənin mobil rabitə operatorlarının nümayəndələri iştirak edirlər.
Mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran
tədbirdə 1,4 mindən çox şirkət və istehsalçı iştirak edir. Sərgidə mobil
innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və
internet-texnologiyaların nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng
korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar,
forumlar və sessiyaların keçirilməsi planlaşdırılır.
Sərgi ərəfəsində əksər istehsalçılar 2012-ci ildə istehsala buraxılacaq
yeni qurğularını nümayiş etdirib. Bu il mobil qurğu istehsalçıları
diqqətlərini yüksək məhsuldarlığa malik böyük ekranlı ikinüvəli və
dördnüvəli smartfonlara yönəldiblər.
Bundan başqa, Barselonada «Microsoft» Korporasiyasının «Windows 8»
əməliyyat sisteminə həsr edilən böyük təqdimat keçirəcəyi də gözlənilir.