Cənubi Afrika sahillərində nəhəng burulğan aşkar edilmişdir - Foto
27.2.2012

NASA-nın «Terra» peykindən Cənubi Afrika sahillərində nəhəng burulğanın fotoşəkili çəkilmişdir. Tədqiqatçıların fikrinə görə, bu misli görünməmiş burulğanın eni 149 kilometrdir.
Mütəxəssislər birmənalı olaraq bildirirlər ki, burulğan okeanın dərinliklərində yerləşdiyindən gəmiçilik və ya dəniz heyvanları üçün heç bir təhlükə yaratmır. Əksinə, o, dənizdə yaşayanlar üçün xeyirlidir, çünki okeanın dibindən suyun üzünə çoxlu miqdarda qida maddələri qaldırır.
Bu cür burulğanlar "current rings" (hərəkət edən halqalar) adlandırılmışdır. Alimlərin fikrincə burulğan ilıq şor suların Hind okeanından Atlantik okeanına keçməsində böyük rol oynayır.