Bugün Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2014”) sərgisi işə başlayır.
“AITF 2014” sərgisində 38 ölkədən 350 turizm şirkəti iştirak edir.
Sərgi iştirakçılarının 60%-dən çoxunu xarici iştirakçılar təşkil edir və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edirlər.
Sərgi iştirakçılarının 40%-i yerli şirkətlərdən ibarətdir. Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan, Misir, Zaqreb (Xorvatiya), Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Stavropol Vilayəti (Rusiya), Tailand, Türkiyə, Soçi (Rusiya), Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edir.
Bu il sərgiyə Bolqarıstan, Gürcüstan, Rusiya və Çernoqoriyadan turizm sənayesi üzrə beynəlxalq ekspertlər, Stavropol Vilayətindən, eləcə də digər ölkələrdən nümayəndə heyətləri qatılıb.
Bu ilki sərginin yeni ölkə və istiqamətləri Argentina, Dominikan, Çin və Zaqreb şəhəridir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya, İlk dəfə isə Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri sərgidə iştirak edir.
Bu il sərgidə “Tibbi turizm” istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir.
Azərbaycan sanatoriyaları bütün dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələrini nümayiş etdirir. Həmçinin, sərgidə ilk dəfə olaraq Litva (Litva Tibbi Turizm Klasteri – “LITCARE”) və Türkiyənin (Türkiyə Tibbi Turizm Assosiasiyası –“THTC”) tibbi turizm xidmətləri üzrə klasterlərin himayəsi altında olan şirkətlər də iştirak edirlər.
Sərginin bu il inkişaf etdirdiyi daha bir istiqamət isə “Xaricdə daşınmaz əmlak” sektorudur. Bu sektorda iştirakçı şirkətlər yerli daşınmaz əmlak agentliklərinə Türkiyə, Kipr və Avropanın digər ölkələrinin istirahət zonalarında yaşayış yerlərinin və ofislərin satışı, icarəsi, habelə hüquqi məsləhət xidmətləri ilə bağlı əməkdaşlıq təklif edirlər.
Regional ekspozisiyada Azərbaycanın 22 regionu iştirak edir: Qəbələ, Qax, Gədəbəy, Quba, Qusar, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Tovuz, Xaçmaz, Xızı, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhərinin Turizm və mədəniyyət departamenti. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək və dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir. Regional ekspozisiya çərçivəsində 60-ya yaxın otel iştirak edir (bu otellərin bir neçəsi qlobal mehmanxana şəbəkələrinə daxildir).
Bundan əlavə, Azərbaycan Turizm Assosiasiyası öz stendində Azərbaycanın aparıcı otellərini və turizm agentliklərini bir araya gətirib.
Sərgi geniş turizm imkanları ilə tanışlıq üçün 3-4 aprel tarixində turizm sənayesinin peşəkarları, 5 aprel tarixində isə bütün səyahət həvəskarları üçün açıq olacaq.
Bildirək ki, “AITF” sərgisi ilə eyni zamanda regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri -8-ci Qafqaz Beynəlxalq “Otel, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2014”) sərgisi də keçirilir.
Gün.Az