Dəmir yolunda sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamenti bir sıra tədbirlər həyata keçirir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, nəğdsiz ödənişi həyata keçirmək üçün hazırlıq işləri başa çatıb, bilet kassalarında Pos-terminallar quraşdırılıb, bilet kassirlərinin texnoloji prosesi mənimsəməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Bu il martın 1-dən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq ediləcək. Fevral ayının 28-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamenti və “Azərikard” MMC-nin mütəxəssisləri Bakı-sərnişin stansiyasında bilet kassirləri ilə yekun təlimləri keçirəcək. Bütün bunlar sərnişinlərə göstərilən mədəni xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.