Aprelin 13-də Bakı moda festivalı layihəsi keçiriləcəkdir.
Layihənin rəhbəri İsmayıl İsmayılov bildirmişdir ki, “Excelsior Hotel Baku”da keçiriləcək festivalda 15-29 yaş arası gənc modelyer-rəssamların kolleksiyalarının eskiz həllərindən ibarət geyim nümayişi təşkil olunacaqdır. Moda nümayişi zamanı xüsusi hazırlanmış səhnədə hər bir modelyerin minimum 3 geyimdən ibarət bir neçə kolleksiyası göstəriləcəkdir.
Layihənin məqsədi Azərbaycan incəsənətinin geyim dizaynının və eləcə də moda sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və modelyerlərin tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən peşəkar modelyerlərlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsidir.
Geyim dizaynı müasir dövrün ən prioritet məsələlərindəndir və layihənin təşkilatçıları ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını qarşılarına əsas məqsəd kimi qoymuşlar.
Festivalda iştirak edəcək modelyerlərlə yanaşı, modellər də müsabiqəyə qoşulacaqlar.
Hər bir modelyer və model sertifikatla, peşəkar münsiflər heyəti tərəfindən seçiləcək ilk üç yerin qalibləri isə diplomla təltif olunacaqlar.
Bakı moda festivalında iştirak etmək istəyən modelyer-rəssamlar geyim kolleksiyalarından ibarət portfoliolarını, modellər isə öz bədən ölçülərini və fotolarını aprelin 10-dək bakufashion2014@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
AzərTAc